9 Nisan 2013 Salı

2 Manata Kitab Aksiyası

Ayın yeddisində 2 manata kitab paylayırdılar. Satırdılar yox, paylayırdılar. Biz də orda idik. :) Belə şeylərdən geri qalmağı, özümüzə yaraşdırmıram.


 "Qanun" nəşriyyatla "Əli və Nino" mağazası kitab kampaniyası keçirir və kitabların qiyməti 2 manatdır. Bu xəbər çox sevindiricidir. “Sahil” metrosu yaxınlığındakı "Əli və Nino" kitab mağazasının ev sahibliyi etdiyi tədbir, mağazanın qabağında, küçədə keçirilirdi. Piştaxtaların üzərində kitabların çoxluğu diqqət çəkirdi. Yüzdən çox çeşiddə olan kitablar alıcıların əhatəsində idi.
Kim deyir ki, gənclər kitab almır?
Kampaniya xəbərini eşidən kitab həvəskarları fürsəti əldən verməyib. Bunların arasında tələbələr çoxluq təşkil etsə də, hər yaşdan olan insanları görmək olardı. Piştaxtaların qabağında dayanmağa yer yox idi. Kitabı alanlar kənara çəkilirdi ki, kitablardan kənarda dayananlar da ala bilsinlər. Bu qədər insanın kitaba axın etməsi sevindiricidir. Bir o qədər də düşündürücüdür. Deməli, kitab almaq istəyən gənclər az deyil. Belə məlum olur ki, kitabın satışı gənclərdən yox, kitabları satanlardan, kitabçılardan asılıdır. Kitabçılar demişkən, "Qanun" nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu ilə, “Əli və Nino” kitab mağazasının təsisçisi Nigar Köçərli də piştaxtanın ətrafında idilər. Arada-sırada, hansısa janrda kitab almaq istəyən ancaq məlumatı olmayan alıcılara Ş.Xudoğlu məsləhətlərini verirdi. "Bu kitab Bakı haqqındadır, şah İsmayılın Bakıya gəlişi də var. Yaxşı yazıb". Naşirdən aksiya barədə məlumat verməyi xahiş etdik.
Şahbaz Xuduoğlu: "Kitab aksiyasını yay boyunca davam etdirəcəyik. Hər həftənin 6-cı günü bu cür aksiyalar keçirəcəyik. Çalışacağıq ki, aksiya yay boyunca davam etsin. Kitabların yığılıb qalmağındansa, oxunmağı yaxşıdır. Bu aksiyadan heç bir gəlirimiz olmur. Kampaniyaya çıxardığımız kitabların arasında maya dəyəri 10 manatdan çox olan kitablar var. Kitab almağa maliyyə imkanı olmayanlara biz şans veririk ki, bəyəndikləri, oxumaq istədikləri kitabları ala bilsinlər.


"Kitab almaq həvəsi ilə bura toplaşan gənclərdən birinə yaxınlaşıram. Adı Asifdir, Bakı Dövlət Universitetini bitirib. Deyir ki, burdakı qiymətlər əladır: "Başqa yerdən bu kitabları 10 manata filan alırıq. Burdan isə 10 manata həmin kitabdan 5-ni almaq olar. Bu cür kampaniyaların tez-tez keçirilməsini istərdim. Almaq istədiyim kitablar hələ çoxdur". Kitab alan gənclərin arasında professor Niyazi Mehdini də görmək olar. Professor kitab almaqla yanaşı, həm də öz kitablarının qabığının içərisinə oxucularına ürək sözlərini yazırdı. Niyazi bəyin kitabını bəhanə edib, professora yaxnlaşdım. Kitabı imzaladıqdan və ürək sözlərini yazdıqdan sonra kampaniya ilə bağlı fikirlərini bölüşməsini istədim. Əgər bu kitablar satılmırsa, düşünmürəm ki, bu kitabların keyfiyyəti ilə bağlıdır. Satılmamağın səbəbi kitabların qiymətidir. Kitablarla bağlı vergi siyasəti dəyişməlidir, ƏDV (əlavə dəyər vergisi) ləğv edilməlidir ki, bu sahə də inkişaf edə bilsin". Xatırladaq ki, kampaniyanı "Qanun" nəşriyyatı ilə, “Əli və Nino” mağazası birgə təşkil edir və hər həftənin şənbə günləri bu cür aksiyalar keçirməyi düşünürlər.

Tural Qurbanlı, hafta-ichi.az
http://www.hafta-ichi.az/news.php?id=88707#.UWO_mOULPi4.facebook

Hiç yorum yok:

Yorum Gönder